
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ilin ilk rübünü 2,28 milyon manat xalis mənfəətlə başa vurub.
İndex.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır.
Hesabat dövründə bankın faiz gəlirləri 6,2% artaraq 11,34 milyon manata çatıb.
Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində isə 7,79 milyon manat artım müşahidə edilib.
İlk rübdə “Yapı Kredi Bank Azərbaycan”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 2 dəfədən çox artaraq 984,5 min manatdan 2,01 milyon manata yüksəlib.
Bu ciddi artım əsasən depozitlər üzrə faizlər (1,7 mln. manat) və cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (311.3 min manat) ilə bağlıdır.
Nəticədə bankın xalis faiz gəliri 3,7% azalaraq 9,34 milyon manata enib. Yəni faiz gəlirləri artsa da, faiz xərclərinin kəskin artımı səbəbindən xalis faiz gəliri azalıb.
Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri və xarici valyutadan gəlir hesabına 1 milyon manat artaraq bu ilin ilk rübündə 6,46 milyon manata çatıb. Qeyri-faiz xərcləri isə 11,14 milyon manatdan 11,59 milyon manata yüksəlib.
Bank mümkün zərərlər üçün yaradılan ehtiyatları 17,4% azaldaraq 3,39 milyon manatdan bu ilin ilk rübündə 2,8 milyon manata endirib.
Ümumilikdə bankın mənfəət vergisindən əvvəlki mənfəəti 520.93 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 43% azalmda deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 921,3 min manat təşkil edib.
Son üç ayda “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 23%-dən çox və ya 170,3 milyon manat azlaraq 560 milyon manata, cəmi öhdəlikləri isə 28% azalaraq 447,41 milyon manata enib. Cəmi kapitalı isə 2,4% artaraq 112,67 milyon manata bərabər olub.