Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 517 mənzil alıblar, bunun da 90-ı avqustda olub.
İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə olaraq 27 mənzil (5%) azdır. Ötən ilin avqust ayı ilə müqayisədə isə 15 mənzil (20%) çoxdur.
Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 7-ci yerdə qərarlaşıb.
Ümumilikdə, bu ilin yanvar-avqust aylarında Türkiyədə xarici vətəndaşlara 15 200 mənzil (il ərzində 10 124 ədəd və ya 40 % azalıb) satılıb. Təkcə avqust ayında ölkədə 2 271 xarici vətəndaş (807 ədəd və ya 26,2 % az) mənzil sahibi olub.
Avqustda Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən ay 381 mənzil (352 mənzil və ya 48,03 % az) satılıb. Bu ilin 8 ayında isə rusiyalılar bu ölkədə 3 289 mənzil (4 672 ədəd və ya 2,4 dəfə az) alıblar.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. İranlılara 8 ay ərzində bu ölkədə 1 392 mənzil satılıb, onların 171-i avqust ayında əldə edilib. Bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 1 879 ədəd və ya 2,35 dəfə azdır, 2023-cü ilin avqust ayına nisbətən isə 171 mənzil və ya 2 dəfə azdır.
İlk 3-lüyü isə Ukrayna qapadır. Ötən ay Ukrayna vətəndaşları Türkiyədə 161 mənzilə (26 mənzil və ya 19,3 % çox) sahib olub, yanvar-avqust aylarında isə 1 057 mənzil (162 ədəd və ya 13,3 % az) alıblar.
