Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 115 mənzil verilib.

İndex.az xəbər verir ki, mənzillər Bakı və Naftalan şəhərlərində, Abşeron, Sabirabad, Oğuz, Qax, Lənkəran, Astara, Zərdab, Ağcabədi, Göyçay, Ağdaş, Qazax, Yevlax və Kürdəmir rayonlarında yeni yaşayış binalarından təqdim edilib.

Bakıda 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev həssas əhali qruplarına aid vətəndaşlarla bağlı həyata keçirilən sosial müdafiə tədbirlərini diqqətə çatdırıb.

Bildirilib ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Qeyd olunub ki. Azərbaycanın böyük Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.

Postmüharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 7 mindən çox, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim olunub. Eyni zamanda, qeyd edilən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müavinət və təqaüdləri də orta hesabla 2 dəfədən çox artırılıb.