ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Rusiyanın keçmiş hərbi göstəricilərini yüksək qiymətləndirib və Moskvanın Kiyevə qarşı müharibədə uduzmayacağına eyham vurub.

İndex.az xəbər verir ki, Tramp prezident Co Baydenin ABŞ-ın Ukraynanı qalib gələnə qədər dəstəkləyəcəyi ilə bağlı açıqlamalarını ələ salaraq, SSRİ-nin İkinci Dünya Müharibəsində Adolf Hitleri və nasistləri məğlub etməsində rolunu və Fransa imperatoru Napoleon Bonapartın Rusiya ərazisini işğal etmək cəhdinin uğursuz olduğunu xatırladıb.

Keçmiş prezident deyib: "Keçən gün dostumun mənə dediyi kimi, Hitleri məğlub etdilər, Napoleonu məğlub etdilər. Onlar belə edirlər. Mübarizə aparırlar və bu, ürəkaçan deyil".

Tramp ABŞ-ın Rusiya ilə Ukrayna arasındakı müharibədən çıxmalı olduğunu da vurğulayıb.