İspaniya, Niderland və Finlandiya İranda davam edən etirazların zorakılıqla yatırılması ilə bağlı rəsmi etiraz bildirmək üçün İran səfirlərini çağırıb.
İndex.az bu barədə "Sky News"ə istinadən xəbər verir.
Niderlandın xarici işlər naziri David van Veel bildirib ki, İran səfiri "etirazçılara qarşı həddən artıq zorakılıq, özbaşına kütləvi həbslər və internet kəsintilərinə" etiraz edilməsi üçün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Onun sözlərinə görə, bu addım digər Avropa tərəfdaşları ilə koordinasiyalı şəkildə atılıb.
Finlandiya da İran səfirini çağıraraq oxşar addımlar atıb. Finlandiyanın xarici işlər naziri Elina Valtonen qeyd edib ki, İran hakimiyyəti tərəfindən internetə girişə tətbiq edilən məhdudiyyətlər baş verənlər haqqında məlumatın əldə edilməsinə mane olur və insan haqları ilə bağlı ciddi narahatlıq doğurur.
İspaniya da diplomatik tədbirlərə qoşulub. Ölkənin Xarici İşlər Nazirliyi İranın Madriddəki səfirini çağırıb, Tehrandan informasiya blokadasını və etirazçıların həbs edilməsini dayandırmağı tələb edib.
