Karbon emissiyalarını mümkün qədər tez azaltmağı hədəfləyən "Toyota", bu məqsədlə "Hilux" modelinin yanacaq hüceyrəsi prototipini inkişaf etdirib.
İndex.az xəbər verir ki, xüsusi mexanizimlə havaya zərərli qaz əvəzinə su buraxan "Toyota"nın "Hilux" modeli, Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə və "Ricardo", ETL, D2H, "Thatcham Research" kimi mühəndislik şirkətləri də daxil olmaqla konsorsium tərəfdaşları ilə birlikdə "Toyota"nın Böyük Britaniyadakı müəssisəsində nümayiş etdirilib.
Qeyri-adi davamlılığı və etibarlılığı ilə "Toyota"nın simvoluna çevrilən "Hilux" modeli, mexanizimin dəyişməsinə baxmayaraq bu keyfiyyətləri qoruyub saxlamağı hədəfləyir.
"Hilux"un güc bloku, təxminən 10 ildir ki, kommersiya məqsədilə istehsal olunan və özünü doğrultmuş "Toyota Mirai"nin yanacaq elementinə əsaslanır.
Sürərkən sıfır emissiyalı avtomobilin işlənmiş qazından yalnız təmiz su çıxır.
Hidrogen üç yüksək təzyiqli yanacaq çənində saxlanılır. Beləliklə, prototip "Hilux"a 600 kilometrdən çox məsafəni getməyə imkan verir ki, bu da akkumulyatorla işləyən tam elektrik sistemlərinin təmin edə biləcəyi məsafədən yüksəkdir.
Yanacaq elementi tərəfindən istehsal olunan elektrik enerjisi hibrid akkumulyatorda saxlanılır və batareya kabin sahəsinə təsir göstərməmək üçün arxa yükləmə sahəsində yerləşdirilir.
