"Renault" elektrik avtomobil məkanında rəqabətədavamlı qalmaq üçün qiymət siyasətinə yenidən baxmaq qərarına gəlib.

İndex.az xəbər verir ki, "Renault" CEO-su Fabrice Cambolive jurnalistlərə açıqlamasında bildirib ki, "Tesla"nın elektrikli avtomobil qiymətlərindəki endirimləri rəqiblər üçün həyəcan siqnalı olduğuna görə, qiymət siyasətlərini buna uyğun olaraq nəzərdən keçirəcəklər:

"Aydındır ki, "Tesla"nın qiymət endirimləri biznesin xərc tərəfindən başlayan bir problemdir. Bu, xəbərdarlıqdır və biz bunu nəzərə alırıq".

Qeyd edək ki, "Tesla" ABŞ-dan sonra Avropada, İsraildə, Sinqapurda, o cümlədən "Renault"un vətəni Fransada qiymətləri aşağı salıb. Beləliklə, şirkət yanvar ayında Çində başladığı qlobal endirim kampaniyasını genişləndirib.

"Renault"nun elektrikli "Megane" avtomobillərinin satışları mart ayında kəskin artıb.

Lakin keçən həftədən etibarən "Tesla" "Model 3"ün başlanğıc qiyməti təxminən "Megane E-Tech Electric" ilə eyni olub.

Avtomobil hazırda Fransada 41 990 avroya satılır. Elektrikli "Megane" üçün bu rəqəm 42 000 avro təşkil edir.