"Taliban" tərəfindən idarə olunan Əfqanıstan 2024-cü il avqustun sonlarında kişilər də daxil olmaqla bir sıra qadağalar tətbiq etdi.

İndex.az xəbər verir ki, buna uyğun olaraq, kişilərə cins şalvar geyinmək və qərbli görünmək qadağan olunub, həmçinin onlardan yumruq boyda saqqal saxlamaları tələb olunur.

Əxlaq polisinin nəzarətində olacaq yeni qanunlar çərçivəsində, qərb saç kəsiminə bənzəyən saç kəsdirmələri və arvadından və qohumlarından başqa qadınlara baxan kişilərə cəzalar veriləcək.

Amerikanın "The Washington Post" qəzetinə bir əfqan deyib: "Əgər kişilər səsini çıxarsaydı, biz indi fərqli vəziyyətdə olardıq. İndi hamı saqqal saxlayır, çünki sorğu-sual olunmaq və alçaldılmaq istəmirik".

Bildirilir ki, Əfqanıstanda bir çox insan yeni qanunlara uyğun olaraq saqqal saxlayır, özləri ilə namaz xalçaları aparır, papaqsız və çalmasız çölə çıxmır.

Bundan başqa, yol yoldaşı olmadan qadın sərnişin daşıyan taksi sürücüləri və avtomobillərində musiqi ifa edən sürücülər saxlanılaraq xəbərdarlıq edilir. Əxlaq polisinin də şübhələndiyi şəxsləri üç gün həbsdə saxlamaq səlahiyyəti var.