Beynəlxalq ekspertlər belə bir fikir səsləndirir ki, Rusiya-Ukrayna müharibəsi və sanksiyalar maliyyə-iqtisad dünyasında bəzi məsələləri dəyişdi. Söhbət konkret olaraq hansı dəyişikliklərdən gedir? Kimlər bundan faydalana bilir və ya biləcək?

İndex.az-ın bu və digər suallarını iqtisadçı Elman Sadıqov cavablandırıb. Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi enerji bazarında, eləcə də maliyyə dünyasında münasibətləri dəyişib:

“Rusiya-Ukrayna müharibəsini təkcə 2 ölkənin deyil, sivilizasiyaların mübarizəsidir. Bu müharibənin ciddi dəyişikliklərə səbəb olacağı öncədən proqnozlaşdırılırdı. Hazırda bu müharibə həm geosiyasi mühitdə, həm iqtisadiyyatda ciddi dəyişikliklərin carçısı oldu. Nəticə etibarilə, bu müharibədən sonra biz çox dəyişikliklərin şahidi olacağıq. Bu dəyişikliklər 2023-24-cü illərdə də ciddi bir şəkildə davam edəcək və 2028-30-cu illərə qədər uzanacaq”.

Suriya münaqişəsi yenidən gündəmdə

Biz bu müddətdə faktiki olaraq nələri görəcəyik? E.Sadıqov qeyd edib ki, dünya enerji bazarında oyunçuların dəyişəcəyini görəcəyik:

“Əslində bu dəyişikliyin kökü 2000-ci illərin əvvələrinə gedir. Fars körfəzində tapılan böyük qaz yataqları və oradan çıxacaq qazın Avropaya çatdırılması kimi böyük layihəsi vardı. Qətər qazı Suriya vasitəsilə Avropaya çıxacaqdı. 2001-ci ildə Suriya buna razı olmuşdu. Lakin  2006-cı ildə Rusiya və İranın təkidi ilə Suriya bu müqavilədən imtina etdi, razılıqdan geri çəkildi. Bəllidir ki, Rusiya Avropada “Qazprom”un mövqeyini itirməmək istəyirdi. İranın isə mövqeyi belə idi ki, həmin qaz  yataqları ilə bağlı İranın da öz iddiaları var. Həmin qazın Qətərdən Avropaya göndərilməsi İran üçün o qədər də uyğun deyil. Nəticədə Suriya məsələsi baş verdi. Orada Avropanın da loyal münasibəti nəticəsində və digər bir sıra səbəblərdən Suriya münaqişəsi  yarımçıq qaldı. Onun yenidən gündəmə gələcəyi və məsələnin həll olunacağı ehtimalı yüksəkdir”.

Enerji bazarında oyunçular dəyişir

Bu məsələ yarımçıq qaldıqdan sonra Rusiyanın Krıma müdaxiləsi, ardınca da Rusiya-Ukranya məsələsinin baş verməsi ilə “Qazprom”un Avropa bazarında öz payını itirdiyinin şahidi olduq. E.Sadıqov onun bazarda əvəzlənməsinin isə uzun zaman alacağını vurğulayıb:

“Həmin bazarı hələlik ABŞ və digər dövlətlər doldurmaqdadır. Amma hər bir halda böyük payın qısa müddətdə əvəzlənməsinin mümkün olmadığı üçün, üstəlik qaz təchizatında əsas amilin boru olduğunu nəzərə alsaq, bu, müəyyən qədər vaxt aparan məsələ olacaq. Qətər qazının və digər ölkələrdən Avropaya qaz göndərilməsi müəyyən müddət alacaq. Eyni zamanda enerji bazarında oyunçular dəyişməkdədir. Digər tərəfdən, alternativ enerji ilə bağlı çox ciddi layihələr həyata keçirilir. Biz bunun nəticələrini 2025-26-cı illərdə görəcəyik. O cümlədən neft qiymətlərini də”.

Güc mərkəzləri dəyişir

Münaqişə nəticəsində baş verən dəyişikliklərdən biri də dünya maliyyə sisteminə ciddi təsirin müşahidə olunmasıdır. Əslində bu təsirlərin təkcə müharibə səbəbindən olmadığını düşünən E.Sadıqov sadəcə məlum münaqişənin bunu surətləndirdiyini bildirib:

“Amma bu, qaçılmaz idi. Avropa Avrasiya qitəsində iqtisadi güc mərkəzi mövqeyini itirməkdədir. Faktiki olaraq iki böyük güc mərkəzi – Asiya və Amerika formalaşır. 2021-ci ildə Çinin ümumi daxili məhsulu 17,7 trilyon dollar olub. Yaponiya, Cənubi Koreya, Malaziya, İndoneziya və digər ölkələrin birlikdə nominal ÜDM-i 25 trilyon dollara çatır ki, bu çox böyük iqtisadi güc mərkəzi deməkdir. Faktiki olaraq güc mərkəzi Asiya tərəfə keçir. Bu qütbün digər tərəfində isə Amerika durur. Sadəcə olaraq materikin Asiya ölkələrindən fərqi ondan ibarətdir ki, Amerikada inkişaf edən əsas ölkə ABŞ oldu, Kanada da müəyyən dərəcədə inkişaf etdi. Ancaq Asiyadakı ölkələrin birlikdə inkişaf etməsi və xüsusilə, yüksək texnologiyalar sahəsində irəliləmələri, həm əhali, həm nominal ÜDM həcmi, həm də ticarət dövriyyəsi baxımından Asiya daha önə çıxmaqdadır.  Bu səbəbdən artıq  Avropa mövqelərini müyyən dərəcədə itirməyə doğru getdi və 2 böyük güc mərkəzi formalaşmaqdadır”.

Avropadan fərqli olaraq Asiyada ziddiyyətli məqamların  çox olduğunu deyən iqtisadçı Çin amilinin öncə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu ölkənin  nominal ÜDM baxımından çox güclü olmasına baxmayaraq adambaşına düşən ÜDM baxımından dünyanın inkişaf etməkdə olan ölkələri siyahısında yer alıb.:

“Digər tərəfdən ABŞ-ın müttəfiqi olan ölkələr – Tayvan, Yaponiya, Cənubi Koreya, Malaziya və İndoneziya Çinə rəqib kimi baxırlar. Faktiki olaraq öz iqtisadiyyatları üçün Çini potensial təhlükə hesab edirlər. Burada çox önəmli məsələ var. Cənubi Asiya çox inkişaf etmiş olsa da ciddi münaqişə ocaqları da formalaşmaqdadır. Məsələnin əsas mahiyyəti də bundan ibarətdir”.

Dollar artsa da, ucuzlaşmadı

Çox paradoksal hallardan biri də odur ki, son 6-7 ildə dünya nə qədər ABŞ dollarına qarşı olsa da, onu rezerv valyuta kimi vəzifələrini, imkanlarını, payını azaltmağa çalışsa da bu, mümkün olmur. Əksinə, FED-in balansı nə qədər artsa da, pul çapına gedilsə də, genişləndirilmiş siyasət aparılsa da, nəticədə bu gün dünyanın ən bahalı valyutalarından biri  yenə ABŞ dollarıdır. 2020-ci ilin fevral-mart aylarında FED-in balansı 3,1 trilyon  dollar idisə, pandemiyadan sonra 9 trilyon dollar ətrafındadır. Bu müddətdə FED-in balansında 2,78 dəfəyə qədər artım olub. Gözləyirdilər ki, bunun nəticəsində dollar öz mövqeyini itirəcək, digər valyutalar qarşısında dəyərini itirəcək və s. Ancaq biz bunun əksini gördük, dollar daha da bahalaşdı.

E.Sadıqov hazırda dünyanın eyni vaxtda bir neçə çağırışla üz-üzə olduğunu qeyd edib:

“İnflyasiya, Rusiya-Ukrayna müharibəsi, müxtəlif regionlarda formalaşan ciddi siyasi gərginliklər, enerji bazarının yenidən bölüşdürülməsi, ümumiyyətlə, yeni bir enerji növünə - alternativ enerjiyə keçid dövrü, dünya ölkələrinin yenidən nüfuz dairələrinə bölünməsi kimi çağırışlar mövcuddur. Bütün bunlar eyni vaxtda baş verir və eyni zamanda dünyada iqtisadi güc mərkəzinin faktiki olaraq 2 qütbdə formalaşmasıdır”.

Azərbaycan dəyişikliklərdən faydalana bilər

Kimlərin bu dəyişikliklərdan faydalana biləcəyinə gəlincə iqtisadçı siyahıda Asiya ölkələrinin öndə durduğunu deyib:

“Ən böyük məsələlərdən biri Avropa ilə Asiya ölkələri arasında körpünün - tranzit xəttinin, logistikanın qurulmasıdır. Bunun məzkəzində olan ölkələrdən biri Azərbaycandır. Düşünürəm ki, ölkəmiz bundan faydalanan ölkələr sıyahısında olacaq. Ümumiyyətlə bu dəyişikliklər nisbətən ağrılı keçəcək, illərlə davam edəcək, böyük iqtisadi dəyişikliklər olacaq. Amma  məsələlərdən məğlub, eyni zamanda iqtisadiyyatları parlayan ölkələr də olacaq. Onlardan biri də Azərbaycandır. Tranzit xətlərinin üzərində olan ölkələr də bu dəyişikliklərdən faydalana biləcək. Növbəti illərdə önəmli sahələrdən biri kənd təsərrüfatı olacaq. Quraqlıq, iqlim dəyişiklikləri və s.  məhsuldarlığa təsir göstərəcək, həm də ölkələri daha ehtiyatlı davranmağa sövq edəcək. Ən  əsas sahə xidmət sektoru və turizm olacaq. Biz turizm sahəsində baş verən “partlayış”dan öz payımızı ala bilsək,  çox böyük bir nailiyyət olar. Düşünürəm ki, Azərbaycan bunu qiymətləndirə biləcək. Artıq bu sahədə artıq müəyyən təzahürlər formalaşmaqdadır”.