Mülayim keçən hava şəraitinin birdən-birə soyuması hazırlıqsız avtomobil sürücülərinə bir sıra problemlər yaradır.

Proqnozlar isə son illərin ən soyuq qışının keçəcəyini söyləyir.

Bəs sürücülər öz avtomobillərində soyuq havaya qarşı hansı tədbirləri görməlidirlər?

İndex.az məsələ ilə bağlı avtomobil ustası Əli Sultanov ilə əlaqə saxladı.

İndex.az-a danışan Əli usta bildirdi ki, sürücülər ilk olaraq avtomobilin soyutma sistemində donmaya qarşı maddənin (Antifriz) olmasına diqqət yetirməlidir:

"Əsasən yay aylarında bəzi sürücülər antifrizin tərkibinə distilə olunmuş suyu çox qatdıqlarına görə, antifrizin donma temperaturu aşağı düşür. Soyuq qış aylarında soyutma sistemindəki donmaya qarşı maddənin tərkibində antifriz miqdarını artırmaq lazımdır. Əks halda mühərrikdə problemlərlə qarşılaşa bilərsiniz".

Əli ustanın sözlərinə görə, qışda diqqət yetirməli olduğumuz ikinci məqam avtomobilimizin təkərləridir:

"Avtomobilin təkərləri qışa tam hazır olmalıdır. Əgər avtomobilinizdə yay təkərlərindən istifadə edirsinizsə mütləq qış təkərlərinə keçid etməlisiniz. Təkərlərin üzərində olan protektor cizgilərinin keyfiyyətli olması vacib məqamlardan biridir. Çünki protektor xətləri aşındıqda sürüşmə və yerindən tərpənmə anlarında qəzalara yol aça bilər".

Əli usta ön şüşələrin yuyulması üçün istifadə etdiyimiz sudan da söhbət açdı. Ustanın fikrincə, bu isə ən az antifriz qədər önəmlidir:

"Qışda hər kəs mühərrikin soyutma mayəsini nəzərə alır, lakin ön şüşələri yumaq üçün istifadə etdiyimiz suyu nəzərə almır. Bu isə ən azı antifriz qədər önəmlidir. Həmin suyun donmasının qarşısını almaq üçün ön şüşənin təmizləyən xüsusi antifrizlərdən istifadə etmək lazımdır. Qeyd edim ki, sürücülər mühərrikin soyudulması üçün olan antifriz ilə bu antifrizi qarışdırmamalıdır".

Əli usta sürücülər üçün bir neçə xırda nüanslara da toxundu ki, bu nüanslar qış aylarında sürücülərin işini asanlaşdıracaq və avtomobilin zərər görməsinin qarşısını alacaq:

"Əgər gecə park edərkən avtomobilinizi açıq yerdə saxlasanız əl əyləcindən qətiyyən istifadə etməyin! Çünki şaxta əyləc sistemini dondura bilər. Belə olduqda, hərəkət etmək mümkün olmayacaq. Əlavə olaraq şüşə siləcəklərinə də diqqət yetirmək lazımdır. Belə ki, gecə düşən şaxta siləcəkləri şüşəyə yapışdırır. Siz şüşədəki buz qatını təmizləmək üçün siləcəkləri işə saldıqda onlar qırıla bilər. Buna görə də, avtomobilə əyləşmədən öncə siləcəkləri şüşədən ayırın. Bununla yanaşı ön şüşələri tutmuş buz qatını təmizləmək üçün bəzi sürücülər qaynar sudan istifadə etmək istəyir. Bu isə ön şüşənin bir anda çartlamasına hətta sınmasına səbəb ola bilər".