İsrailin baş naziri Binamin Netanyahu dünən Fransa mətbuatına verdiyi açıqlamada bildirib ki, İsrail Hizbullahın yeraltı tunellərdən raket və 4x4 maşınları ilə ona hücum etmək planını ortaya çıxarıb.
İndex.az xəbər verir ki, Netanyahu açıqlamasında deyib: “Plan uğurlu olsaydı, Hizbullah İsrailə HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna misli görünməmiş hücumundan daha çox ziyan vurardı. Biz sərhəddən yüz-iki yüz metr məsafədə İsraili işğal etmək üçün hazırlanmış tunellər tapdıq. Bu, 7 oktyabr hücumundan da böyük hücum olardı. Onlar 4x4 maşın, motosiklet və raketlərlə işğal etməyi planlaşdırırdılar".
Bu ayın əvvəlində Netanyahu Fransanın “Le Figaro” qəzetinə müsahibəsində İsrail ordusunun Hizbullahın silah anbarlarında Rusiya istehsalı olan qabaqcıl hərbi texnika tapdığını bildirib.
Fransanın AFP xəbər agentliyinin xəbərinə görə, Livan Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlərə əsaslanaraq, İsrailin keçən ay quru qoşunlarını sərhəddən keçirməzdən əvvəl Livana hava hücumlarını artırmasından bu günə qədər ən azı 1552 nəfər ölüb. Lakin real rəqəmin daha çox ola biləcəyi düşünülür.
