"Kaspersky" şirkətinin Azərbaycan üzrə nümayəndəsi Müşviq Məmmədovun İndex.az-a müsahibəsi:
- Müşviq bəy, ölkəmizə qarşı olan kiberhücum sayında tendensiya necədir?
- Azərbaycanda kiberhücumlar son illər davamlı olaraq artır. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. İstifadəçilərin fişinq səhifələrinə keçməsi üçün 534 min cəhd edilib. Mobil cihazlara 224 min hücum olunub.

- Son illər hakerlərin ölkəmizə istiqamətlənməsinin səbəbi nədir?
- Bunun əsas səbəbi onlayn istifadəçi sayının artmasıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da "COVİD-19" epidemiyası dövründə qoyulan məhdudiyyətlərə görə insanlar evdən çıxmadan onlayn ödənişlərə üstünlük verməyə başladılar. Hətta pul vasitəsilə virusun yayılma təhlükəsi olduğundan insanların əksəriyyəti nağd ödənişlərdən ümumiyyətlə imtina edirdi. Bu isə internet üzərində alış-verişi kəskin artırdı. Kiberhücumların sayı isə istifadəçi sayına uyğun olaraq çoxalmağa başladı.
- Ən çox hansı ölkələr tərəfindən kiberhücuma məruz qalırıq?
- Biz konkret olaraq ölkə adlarını çəkə bilmərik. Çünki kiberhücum edən hakerlər onsuzda öz VPN-lərini dəyişərək başqa ölkələr adından öz kiberhücumlarını həyata keçirirlər. Bununla yanaşı kiberhücum edən qruplar konkret bir şirkət deyil ki, hansı ölkəyə aid olduqları bilinsin. O qrupların müxtəlif ölkələrdən çox sayda üzvü var. Biz yalnız kiberhücumun metodundan başa düşə bilərik ki, bu hücum hansı qruplaşmaya aiddir.
- Müşviq bəy, ölkəmizdə şirkət və dövlət qurumlarının kiberhücumlara qarşı hazırlığı hansı səviyyədədir?
- İşləmədiyimiz şirkət və qurumlarda vəziyyətin necə olduğunu bilə bilmərik. Çünki burada tək məsələ sistemin möhkəmliyi deyil. Təbii ki, sistemin möhkəm qurulmasından da çox şey asılıdır. Lakin bununla bağlı həmin qurumun və ya şirkətin əməkdaşları da doğru məlumatlandırılmalıdır. Çünki əksər hallarda hakerlər onların şəxsi kompüterlərinə göndərilən aldadıcı mesajlar vasitəsi ilə sistemə daxil olmağı bacarırlar. Qurum və şirkətlərin isə işçilərini bu sahədə nə qədər maarifləndirdiyini bilmirik.
- Hazırda ən məhşur hücum yolu hansıdır?
- Əsasən iş elanlarına aid tətbiqlər və messencerlərin "Casus" proqramları vasitəsi ilə hücumlar həyata keçirilir. Kiberhücumlar çox vaxt telefonlarımıza göndərilən mesajlara verdiyimiz cavablardan sonra başlayır. Bu isə insanların tez və rahat pul qazanmaq istəyindən irəli gəlir. Əvvəlcə telefonlarımıza rahat pul qazanmaqla bağlı və yaxud hədiyyə qazandığımızla bağlı mesaj göndərirlər. Daha sonra isə qazandığımız pul mükafatını göndərmək üçün bizim robot olmadığımızdan əmin olmaq istədiklərini, bunun üçün isə bir miqdar pul göndərməli və ya şəxsi məlumatları daxil etməli olduğumuzu bildirirlər. Beləcə biz tələyə düşürük.
