Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini 2026-cı ilin iyun ayının sonuna qədər uzadıb.
İndex.az xəbər verir ki, bu barədə Latviya hökumətinin mətbuat xidməti açıqlama yayıb.
"Nazirlər Kabineti Latviya-Belarus sərhədində gücləndirilmiş mühafizə sisteminin fəaliyyət rejimini 30 iyun 2026-cı ilədək uzadıb", - açıqlamada bildirilir.
Qeyd olunur ki, Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimi Latviya tərəfindən ilk dəfə 13 mart 2024-cü ildə altı aylıq müddətə tətbiq olunub və daha sonra bir neçə dəfə uzadılıb.
Daxili İşlər Nazirliyi bəyan edib ki, müvafiq qərar dövlət sərhədinin təhlükəsizliyini təmin etmək, təhdidlərin qarşısını almaq, həmçinin Latviya-Belarus sərhədini qanunsuz keçmək cəhdlərinin artan sayını nəzərə almaq məqsədilə qəbul olunub.
Latviya sərhəd mühafizəsinin gücləndirilməsi üçün polis və milli silahlı qüvvələri cəlb edib.
