Misir ən böyük piramidalardan bir neçəsinə ev sahibliyi edir, lakin dünyanın 5 ən böyük piramidaları arasında Misirdən kənarda müxtəlif bölgələrdə olanlar da var.

İndex.az həmin nəhəng piramidaları araşdırıb.

5. Əyilmiş Piramida

Qahirədən təxminən 40 km cənubda, Dahşur bölgəsində yerləşən bu qədim piramida digər piramidalardan fərqli olaraq maili quruluşuna görə əyilmiş adlanır.

Bundan əlavə, təməlindən 54 dərəcə bucaq altında yüksələn piramida allüvial və yumşaq materialdan tikildiyi üçün bir müddət onun davamlılığı ilə bağlı narahatlıqlar var idi. Lakin sonradan piramidanın yuxarı hissəsinin bucağı 43 dərəcəyə endirilib və bu problem aradan qalxıb.

4. Qırmızı Piramida

Misirdə yerləşən bu piramida 1.694.000 m³ ilə həcminə görə dünyada üçüncü ən böyük piramidadır. Qırmızı və çəhrayı rəngli əhəngdaşlarından ibarət olduğu üçün bu ad verilmişdir.

Piramidanın içi olduqca qəribədir. Onun girişi Misirdəki bütün piramidalarda olduğu kimi şimal tərəfdədir. Çöl sahəsi və iki yeraltı keçidi var. Otağa enən keçidin uzunluğu 80 metrdir. O, həmçinin qısa tunellə birləşir.

3. Xafre piramidası

Kafre Piramidası kimi də tanınan Xafre Piramidası Misirin paytaxtı Qahirənin Giza bölgəsində yerləşir.

Uzunluğu 143,5 metr, yamacı 53,2 metrdir. Bu piramida 2.211.096 m³ həcmi ilə Giza kompleksində ikinci ən böyük piramidadır.

2. Xeops Piramidası (Böyük Giza Piramidası)

Bu piramida 230 metr baza ilə 146 metr hündürlüyə çatır və iki milyondan çox daş blokdan ibarətdir. Bu daş bloklardan bəziləri ölçü və çəki baxımından o qədər nəhəngdir ki, bugünkü şəraitdə onları yerindən tərpətmək mümkün deyil.

Xeops Piramidası Misirin simvolu və dünyanın qədim yeddi möcüzəsindən sonuncusudur.

1. Böyük Cholula Piramidası

Mexikodan təxminən 100 km məsafədə dünyanın ən böyük piramidası yerləşir. Cholula de Rivadaviadakı Quetzalcoatl piramidası dünyanın ən böyük piramidası adına Ginnesin Rekordlar Kitabına düşüb.

Bu qədim məbədin ölçüsü 3,3 milyon m³ və Məryəmə həsr olunmuş katolik kilsə kompleksinin yuxarı hissəsində yerləşir.