Alimlər 4 həftəlik təcrübə ilə yuxu keyfiyyətini yaxşılaşdırmağın sadə yolunu müəyyən ediblər.
İndex.az xəbər verir ki, alimlərin fikrincə, yaxşı havalandırılan otaqda yuxu daha kefiyyətli olur.
Belə ki, "Danimarka Texniki Universiteti"nin tədqiqatçıları 29 nəfərin iştirak etdiyi eksperiment keçirib.
Təcrübədə ventilyatorlarla işləyən müxtəlif havalandırma sistemləri olan otaqlardan istifadə edilib.
Müvafiq olaraq, zəif havalandırılan otaqlarda yuxu keyfiyyətinin azaldığı, yaxşı havalandırılan otaqlarda artdığı müşahidə olunub.
Elm adamları təcrübədə yuxu keyfiyyətini təyin edən ən əhəmiyyətli faktorun havalandırma sistemlərinin otaqdakı karbon qazının miqdarını azaltması olduğuna diqqət çəkiblər.
Güclü ventilyator sistemlərinin havadakı hissəcikləri də daha effektiv təmizlədiyi bildirilib.
Akademiklər həmçinin qeyd ediblər ki, daha effektiv havalandırma sistemləri gecə oyanma hallarını azaldır:
"Yataq otağındakı havanın keyfiyyəti diqqəti cəmləmək, anlamaq və reaksiya vermək kimi koqnitiv qabiliyyətlərinizə təsir edə bilər. Yaxşı havalandırılan yataq otağında yatmaq idrak qabiliyyətləriniz üçün daha faydalıdır."
Digər tərəfdən tədqiqatçılar gələcəkdə daha böyük bir qrupla təcrübə apararaq rütubət və karbon dioksid sıxlığı arasındakı əlaqəni yaxından araşdırmağı hədəflədiklərini qeyd ediblər.
