Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkədə hərbi vəziyyət yalnız real təhlükəsizlik zəmanətləri əldə edildikdən sonra ləğv edilə bilər.
İndex.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, o bunu jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
"Hamımız müharibənin bitməsini istəyirik. O zaman hərbi vəziyyətin tətbiqi də başa çatacaq. Lakin bu, Ukraynanın təhlükəsizlik zəmanətləri əldə etdiyi zaman olacaq", - V.Zelenski vurğulayıb.
O izah edib ki, təhlükəsizlik zəmanətləri dedikdə təkcə siyasi bəyanatlar deyil, həm də praktiki mexanizmlər - tərəfdaşlar tərəfindən monitorinq və onların real iştirakı nəzərdə tutulur.
V.Zelenski əlavə edib ki, hərbi vəziyyətin ləğv edilməsi müddətləri həm də hərbi komandanlığın mövqeyindən asılı olacaq: "Bu məsələ artıq Ali Baş Komandanın Qərargahında müzakirə edilib. Komandanlıq təsdiq etməlidir ki, bütün infrastruktur hərbi vəziyyətin ləğvi üçün hazırdır".
