ABŞ-a səfər edən Makron Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası ərəfəsində Fransa mətbuatına Livanla bağlı açıqlamalar verib.
İndex.az xəbər verir ki, Makron açıqlamasında həmişə Livanın tərəfində olduqlarını və bundan sonra da belə olacaqlarını deyib.
Livandakı hadisələri müzakirə etmək üçün bu həftə BMT Təhlükəsizlik Şurasında keçiriləcək toplantının çox əhəmiyyətli olduğunu deyən Makron regiondakı vəziyyəti nəzərə alaraq bu görüşü dəstəklədiyini bildirib.
İsrail ordusu sentyabrın 23-ü səhər saatlarından etibarən Livanın cənub şəhərləri, həmçinin Bekaa və Baalbek bölgələrinə yüzlərlə hava zərbəsi endirib. Livan Səhiyyə Nazirliyi hücumlarda 50-si uşaq, 95-i qadın olmaqla 558 nəfərin öldüyünü, 1835 nəfərin isə yaralandığını açıqlayıb.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edir. Livan Təhsil Nazirliyi ölkə daxilində təhsilin dayandırıldığını açıqladığı halda, Daxili İşlər Nazirliyi ölkənin cənubunda İsrailin hücumları nəticəsində didərgin düşmüş vətəndaşların yerləşdirilməsi üçün məktəblərin açıldığını açıqlayıb.
İsrailin Hayfa bölgəsinin ən böyük sağlamlıq kompleksi olan Rambam Xəstəxanasından verilən açıqlamaya görə, 22-23 sentyabr tarixlərində Livandan atılan raketlər nəticəsində panikaya düşən və ya qəlpə parçalarına tuş gələn yüngül yaralı 11 nəfər xəstəxanaya gətirilib. İsrailin şimalındakı Nehariye şəhərində 9 nəfər yüngül xəsarət alıb.
“Haaretz” qəzetinin məlumatına görə, sentyabrın 22-də Aşağı Qaliley bölgəsində hücum sirenləri çalarkən çaxnaşma səbəbindən baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
