"Ford" təbiət həvəskarları üçün yeni karavanını təqdim edib.
İndex.az xəbər verir ki, yeni "Transit Custom"a əsaslanan "Nugget" avtomobili sələfindən daha faydalı xüsusiyyətlərə və təkrar doldurulan hibrid (PHEV) sisteminə malikdir.
"Ford Transit Custom Nugget", düşərgə maşınları üzrə ekspert "Westfalia" ilə əməkdaşlıq sayəsində hazırlanmış çox zonalı kabin planına malikdir.
Avtomobildə dörd nəfərin rahat yatması və düşərgə salması üçün hər cür şərait var.
Kənardan, "Nugget" demək olar ki, adi "Transit Custom"a bənzəyir. Damdakı açılış mexanizmi və yan tərəfdəki "Westfalia" markalı tent "Nugget"i kənardan nəzərə çarpdıran ən böyük detallardandır.
Yeni "Nugget"in damı daha asan istifadə üçün özü qatlanır. Əlavə ödəniş müqabilində günəş panelləri də tavana inteqrasiya oluna bilər.
Müstəqil arxa asqıya sahib olan və tam ötürücülü ilə seçilə bilən "Transit Custom Nugget" ilk dəfə təkrar doldurulan hibrid variantı ilə satılır.
"Kuga"dan olan bu sistem 2,5 litrlik benzin mühərriki və cəmi 230 at gücü hasil edən elektrik mühərrikinin birləşməsindən ibarətdir.
11,8 kVt/saat istifadə gücünə malik akkumulyator avtomobilə təmiz elektrik rejimində 32 km-ə qədər məsafə qət etməyə imkan verir.
"Ford Transit Custom Nugget" ilk dəfə olaraq 168 at gücündə dizel mühərriki ilə satışa çıxarılacaq.
Xüsusiyyətlərini yuxarıda sadaladığımız hibrid mühərrik daha sonra siyahıya əlavə olunacaq.
Almaniyada avtomobilin qiyməti 76 500 avrodan başlayır.
