Elektromobillər daxiliyanma mühərrikli avtomobillərdən sərfəli olmasına baxmayaraq, sürücülərin əksəriyyəti yarana biləcək problemlərdən çəkindiyi üçün tam elektrikli mühərrikə sahib avtomobillərə keçməyə tərəddüd edir.

Elektromobillər sürücülərə nə kimi problemlər yarada bilər?

Sualımıza cavab tapmaq üçün avtomobil ustası Rəşad Qabulov ilə əlaqə saxladıq.

İndex.az xəbər verir ki, Rəşad Qabulovun sözlərinə görə, elektromobillər alındıqdan bir müddət sonra problemlər yarada bilir:

“İlk növbədə elektromobillərin getdiyi mənzilin uzunluğunda problem yaranır. Belə ki, istehsalçı bizə avtomobilin tam şarj olunmuş şəkildə 500 kilometr gedə biləcəyini bildirir. Lakin biz ən yaxşı halda avtomobil ilə maksimum 400 kilometr məsafə qət edirik. Bunun səbəbi isə avtomobilin hər dəfə eyni tempdə hərəkət etməməsidir. Hətta havanın temperaturu, yolun enişli-yoxuşlu olması və ya ümumi yol infrasturkturu da buna təsir edir. Digər tərəfdən, biz batareyalarımızı qorumalıyıq. Bunun üçün isə, batareyanın enerjisini 20%-dən aşağı salmamaq və 80%-dən çox doldurmamaq lazımdır. Belə olduqda biz batareyanın cəmi 60% enerjisini istifadə edə bilirik ki, bu da təxminən 240 kilometr yol deməkdir”.

Rəşad Qabulov bildirib ki, əsas problemlərdən biri də, enerjinin doldurulması məsələsidir:

“Enerji doldurmaq üçün elektromobillərin hər birinin özünəməxsus başlıqları var. Belə ki, daxliyanma mühərrikli avtomobillərdə bir pompa ilə istənilən növ avtomobilə yanacaq doldurmaq mümkündür. Elektromobillərdə isə hər modelin özünəməxsus başlığı var. Bu başlıqların əksəriyyəti bir çox şarj məntəqələrində yoxdur. Enerji məsələsində ikinci bir problem sürətli doldurma məsələsidir. Avropada sürətlə yayılan “fast charge” məntəqələri (20-30 dəqiqədə tam doldurmanı təmin edir) ölkəmizdə çox azdır. Məsələ odur ki, “fast charge” məntəqələrindən istifadə etmək batareyanın ömrünü qısaldır”.

Rəşad Qabulov batareyaların utilizasiya probleminə də toxundu:

“Gələcəkdə bizi gözləyən ən böyük problem batareyaların utilizasiyası problemidir. Çünki ölkəmizdə istifadə müddəti bitmiş batareyaların utilizasiya proqramı yoxdur. Batareyaların sıradan çıxması utilizasiya ilə yanaşı ikinci bir problemi də ortaya qoyur. Söhbət avtomobilin yenidən batareya ilə təmin olunmasından gedir. Belə ki, batareya qiymətləri demək olar ki, avtomobil qiymətinədir. Belə görünür ki, gələcəkdə batareyasının istifadə müddəti bitmiş avtomobillərin özü utilizasiya prosesi ilə üz-üzə qalacaq”.

Rəşad Qabulovun sözlərinə görə, ən əsas problemlərdən biri elektromobillərin təkərləri ilə bağlıdır:

“Elektromobillərin təkərləri xüsusi olaraq istehsal olunur. Bunun səbəbi isə elektromobillərin digər avtomobillərə nəzərən daha ağır olmasıdır. Belə təkərlərin üzərində EV (electric version) yazısını görmək olar. Bu təkərlərin həm ağırlıq götürmə gücü, həm də səs indeksi yüksək olur. Elektromobillər səssiz işlədiyinə görə, təkərlər istehsal olunarkən hərəkət zamanı daha çox səs çıxarması üçün fərqli dizayn edirlər. Bu tip təkərlər demək olar ki, avtomobil tədarükünə uyğun istehsal olunur. Təxminən 4 il ömrü olan təkərlərin yenisini ölkəmizdə tapmaq qeyri-mümkündür. Sürücü sıradan çıxmış təkərləri yeniləmək üçün istehsalçı ölkədən sifariş verməlidir. Bu tip təkərlər adi təkərlərdən 50% baha olur”.