Ədliyyə Nazirliyinin müvafiq idarəsi Azərbaycanın Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeni idarə heyətini dövlət qeydiyyatına alıb.
AQC-nin İctimaiyyətlə əlaqələr departamentindən İndex.az-a verilən məlumata görə, bununla bağlı rəsmi çıxarış bu gün Cəmiyyətə təqdim edilib.
Qeydiyyatın tamamlanması ilə AQC-nin idarəetmə strukturu qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşib. Bu qərar Cəmiyyətin fəaliyyətinin daha sistemli qurulmasına, idarəetmədə şəffaflığın və davamlılığın təmin olunmasına imkan yaradıb.
Yeni idarə heyəti qarşıdakı dövrdə qiymətləndirmə sahəsində peşəkarlığın artırılması, üzvlərin maraqlarının qorunması, sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək. Azərbaycanın Qiymətləndiricilər Cəmiyyəti bundan sonra da dövlət qurumları, özəl sektor və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Xatırladaq ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti (AQC) 1998-ci ildə təsis olunub və ölkəmizin ilk assosiativ ictimai birliklərindən biridir. Qiymətləndiricilər arasında qarşılıqlı, faydalı və kordinasiyalı fəaliyyəti təşkil edən AQC dövlət qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edir. Bu günə qədər qiymətləndirmə sahəsində yüzlərlə sertifikasiya imtahanı və çoxsaylı meqa layihələr həyata keçirib. 2022-ci ilin mayından quruma rəhbərlik edən Vüqar Oruc eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin qatıldığı, Rusiya, Belarus, Gürcüstan qiymətləndirmə birliklərinin fəaliyyətində yaxından iştirak etdiyi, 700-dən artıq qiymətləndirmə şirkəti və minlərlə qiymətləndiricinin təmsil olunduğu Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidentidir.
