ABŞ Prezidenti Donald Trampın son addımları onun güc tətbiq etməyə qadir olduğunu təsdiqləyir və bu, Rusiya Prezidenti Vladimir Putində ciddi narahatlıq doğurmalıdır.

İndex.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "Vikerraadio" radiostansiyasının efirində bildirib.

Nazir Şimali Atlantikada Rusiya bayrağı altındakı tankerin saxlanılmasını misli görünməmiş hadisə adlandırıb.

"Lakin eyni zamanda bilirik ki, sanksiyanı pozmuş yük daşınırdı və açığı, Trampın son günlərdə güc tətbiq edərək atdığı addımlar, mənim fikrincə, Putində ciddi narahatlıq doğurur", - o bildirib.

Nazir, həmçinin saxlanılan gəmidə "hər cür maraqlı şeylərin" tapılacağını istisna etməyib. XİN başçısı ehtimal edib ki, yanvarın 8-də hökumətin iclasında daha konkret məlumat ala bilər.

Daha əvvəl ABŞ Böyük Britaniya yaxınlığında Şimali Atlantikada Rusiya bayrağı altında hərəkət edən "Marinera" neft tankerini nəzarətə götürüb.