Dünya Bankı özəl tərəfdaşlarla birlikdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına 2 milyard ABŞ dollarından çox sərmayə qoyacaq.
İndex.az xəbər verir ki, bunu Dünya Bankının Qazaxıstan və Türkmənistandakı daimi nümayəndəsi Andrey Mixnev Astana Beynəlxalq Forumunun kuluarlarında jurnalistlərə bildirib.
"Dünya Bankının vəsaitlərini, eləcə də özəl tərəfdaşlar və bankların cəlb edilmiş vəsaitləri nəzərə alınmaqla, TBNM-in inkişafına investisiyaların ümumi məbləği 2 milyard ABŞ dollarından çox olacaq", - A.Mixnev qeyd edib.
Onun sözlərinə görə Dünya Bankı bu marşrutun inkişafı ilə bağlı regionun bir çox ölkələrinin irəli sürdüyü təşəbbüsü dəstəkləyir.
"İnvestisiya baxımından biz həm Qazaxıstanda, həm də digər ölkələrdə - o cümlədən Azərbaycan və Gürcüstanda işləyirik. Həmçinin Türkiyədəki layihələrdə iştirak imkanlarını nəzərdən keçiririk", - daimi nümayəndə əlavə edib.
A.Mixnev xatırladıb ki, ötən ilin noyabrında Dünya Bankı Qazaxıstanda dayanıqlılığın və nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinə (TBNM-in inkişafı çərçivəsində) 650 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını təsdiqləyib.
