Əvvəllər demək olar ki, insanların çoxluq təşkil etdiyi hər yerdə rast gəldiyimiz valyutadəyişmə məntəqələri artıq yox səviyyəsindədir. Pul dəyişmək istəyən insanların isə tək yolu banklara üz tutub, növbələrdə saatlarla gözləməkdir.
Bunu İndex.az-a açıqlamasında Milli Məclisin üzvü, deputat Rüfət Quliyev bildirib.
Onun sözlərinə görə, bu hal isə turizmi inkişaf etdirmək istədiyimiz bir vaxtda turistlər üçün müəyyən çətinliklərin yaranmasına gətirib çıxarır: "Ümumiyyətlə valyuta dəyişmə məntəqələrinin azaldılması və bütövlükdə ləğv edilməsi hansı fəsadları yaradır? Valyuta dəyişmə məntəqələrinin ləğv edilməsi son 2-3 ildə böyük problemlərə yol açıb".

O qeyd edib ki, valyutadəyişmə məntəqələrinin ləğvi insanları banklara üz tutmağa məcbur etdi. Banklar isə şənbə və bazar günləri işləmir. Üstəlik banklara digər məsələlərlə də bağlı müraciət edənlərin sayı çox olduğundan insanlar böyük vaxt itkisinə məruz qalır”.
Deputat qeyd etdi ki, o, bu məsələni dəfələrlə qaldırıb: “İstər komitə iclaslarında, istərsə də sessiya iclaslarında mən bununla bağlı suallar vermişəm. Biz valyutadəyişmə məntəqələrinin sayını artırmalıyıq. İlk açılan məntəqələr isə rayonlarda olmalıdır. Çünki bölgələrdə "qara bazar" çoxdur. "Qara bazar"larda həm təhlükəsizlik səviyyəsi aşağı olur, həm də vergidən yayınma halları qeydə alınır. Məntəqələrin rayonlarda açılmasının üstünlüklərindən biri də, yeni iş yerlərinin yaradılmasıdır. Ümumiyyətlə ölkədə təxminən minimum 2000 ədəd valyutadəyişmə məntəqələri açılmalıdır. Bu isə 6000-7000 əlavə iş yeri deməkdir”.
R. Quliyevin sözlərinə görə, Mərkəzi Bankın sədri Taleh Kazımov bu məsələ ilə bağlı müsbət mövqe tutub:
“Biz Taleh Kazımovun bu mövqeyini dəstəkləyirik. Mərkəzi Bankın sədrinin 1-ci müavini tərəfindən bizə söz verilib ki, valyutadəyişmə məntəqlərinin sayı artırılacaq. Hətta bununla bağlı işlər də görülməyə başlanılıb. Qeyd edim ki, artıq Ədliyyə Nazirliyində valyuta dəyişən məntəqələri ilə bağlı təlimatlar hazırlanır. Belə görünür ki, artıq yanvar ayının 1-dən ilk valyuta dəyişmə məntəqələri fəaliyyətə başlayacaq”.
