Bütün dünyada elektromobillərə inteqrasiya sürətlənib. Bu keçid yol xərclərini azaltdığı üçün insanlar tərəfindən, ekoloji cəhətdən təmiz olduğu üçün isə, beynəlxalq təşkilatlar və ölkələr tərəfindən dəstəklənir.
Lakin daxiliyanma mühərrikli avtomobillərin yerini elektromobillərin alması bir sıra bizneslərin zəifləməsinə, hətta iflasına gətirib çıxara bilər.
İndex.az-a danışan deputat Rüfət Quliyev bildirdi ki, hələ 5 il öncə Avropada yaşıl energetikanı inkişaf etdirmək üçün, 2035-ci ilə qədər Atom Elektrik Stansiyalarının bağlanması, neft və qazdan istifadə edilməməsi, yalnız elektromobillərdən istifadə olunması kimi bir sıra qərarlar qəbul edilib:

"Diqqət yetirsək görərik ki, Almaniyanın bütün Atom Elektrik Stansiyalarını bağlamağına baxmayaraq Fransada hələ də istifadə edilir. Neft və qazdan tam imtina etmək hələki mümkün deyil. Elektromobillərə tam keçid isə yaxın gələcəkdə bir o qədərdə real görünmür. Çünki elektromobillərə tam keçilməsi daxiliyanma mühərrikli avtomobillərin qadağan olunmasına yol açır ki, mühərrik yağı istehsal edən şirkətlərin və nəhəng neft şirkətlərinin bunu müsbət qarşılayacağını düşünmürəm".
Rüfət Quliyevin sözlərinə görə, Avropanın bir parçası olduğumuz üçün yollarımızda elektromobillərin çoxluq təşkil etməsində ölkəmiz də maraqlıdır:
"Gec ya tez biz də elektromobillərə tam keçəcəyik. Hətta bir neçə şirkət şarj stansiyaları yaratmaq və elektromobillər üçün digər xidmətləri inkişaf etdirmək məqsədi ilə təkliflər irəli sürüb. Dövlət tərəfindən də gömrük rüsumları qaldırılaraq ölkəyə elektromobillərin gətirilməsinə şərait yaradılıb. Lakin, həm Avropada, həm də ölkəmizdə elektromobillərə inteqrasiyanın belə sürətlə baş tutacağına inanmıram".
Deputat bildirdi ki, elektromobillərə keçid bir sıra sahələrə mənfi təsir edəcək:
"Hal-hazırda bütün dünyada avtomobillərin təxminən cəmi 10%-i tam elektrikli və hibrid avtomobilləridir. 90% avtomobil hələ də ənənəvi yanacaqla çalışır. Bu 90%-in də elektromobilə keçməsi nəhəng neft şirkətlərinin, yanacaq satışı həyata keçirən şirkətlərin, yağ istehsal edən şirkətlərin birbaşa iflasına yol aça bilər. Belə nəhəng şirkətlərin isə asanlıqla oyundan kənarda qalacağını düşünmürəm".
Rüfət Quliyev elektromobillərin akkumulyatorının yaradacağı problemlərə də toxundu:
"Akkumulyatorlar daimi deyil. 5-10 il sonra akkumulyator sıradan çıxdıqda onun utilizasiyası necə aparılacaq? Bu sual özü böyük maraq doğurur. Bununla yanaşı, bu gün elektrik enerjisinin istehsalının 85-90%-i neft-qaz, kömür və Atom Elektrik Stansiyalarının üzrəində qurulub. Belə olduqda enerjinin özünün istehsalıda ekoloji problemə yol açır. Ümumiyyətlə bu sahədəki problemlər böyük və qlobaldır".
