Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 7 lot üzrə 68 nəqliyyat vasitəsi satılıb.
İndex.az bu barədə quruma istinadən xəbər verir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 51 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 18.200 manat olan “Otoyol E-2714S” markalı avtobus 20.000 manata, 3.600 manat olan “Renault Dokker” markalı avtomobil isə 8.344 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə linki vasitəsilə tanış olmaq olar.
Cari ay ərzində növbəti hərraclar 20 və 27 may tarixlərində keçiriləcək.
Hərraca çıxarılan əmlakların siyahısı ilə linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
