Bərpa olunan enerji investisiyalarında dünya lideri olan Çin nəhəng günəş elektrik stansiyasını istifadəyə verib.

İndex.az xəbər verir ki, Çinin Tengger səhrasında yerləşən bu stansiya ölkədə quraq ərazilərdə tikilib istifadəyə verilən ilk elektrik stansiyasıdır.

Beləliklə Çin Qobi səhrasının cənub ucunda yerləşən Tengger səhrasındakı günəş və külək layihəsinin birinci mərhələsini şəbəkəyə birləşdirib.

Tengger səhrası layihəsi ilə Çin ümumi günəş enerjisi gücünü 3 GVt-a çatdırmağı hədəfləyir.

İstifadəyə verilən layihənin birinci mərhələsi 1 GVt gücə malikdir. Bu hissə hər il 1,8 milyard kilovat-saat enerji istehsal edəcək ki, bu da hər il 1,5 milyon ev təsərrüfatının elektrik enerjisinə olan tələbatına bərabərdir.

Bu regionda layihələrin ümumi investisiyası 12,28 milyard dollar, ümumi quraşdırılmış elektrik enerjisi isə 13 milyon kVt olacaq.

Günəş elektrik stansiyası tam gücü ilə istifadəyə verildikdə ildə 5,78 milyard kilovat-saat enerji istehsal edəcək.