“AzerGold” QSC-nin ilk törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC pilotsuz uçuş aparatı (Dron) satın alır.
Bu barədə İndex.az Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı elan edilən tenderə yekun vurulub.
Belə ki, dronun satın alması ilə bağlı elan edilən tenderin qalibi "BUZ TECH" MMC olub.
“Daşkəsən Dəmir Filiz” MMC pilotsuz uçuş aparatının (dron) alınması üçün bu şirkətə 58 174 manat pul ödəyəcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamı ilə regionun ən nəhəng dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsinin istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması “AzerGold” QSC-yə həvalə edilib.
Dövlət başçısının 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər vəzifələr əlavə edilib. Sözügedən sənədlərdən irəli gələn tapşırıqların icrası, ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib.
Şirkətin yaradılmasında məqsəd Səhmdar Cəmiyyətin ən iri layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən regionun inkişafına əlavə sosial-iqtisadi töhfələr verməkdir.
Kəmalə Alıyeva
