Yuxunun sakit və fasiləsiz bir proses olduğunu düşünürsünüzsə, tək deyilsiz. Bir çoxumuz inanırıq ki, sağlam bir gecə yuxusu səhərə qədər dərin sükutla keçməlidir, lakin beynimiz düşündüyümüz qədər sakit deyil.

Əslində yuxu düşündüyünüzdən də çox mürəkkəb bir prosesdir və beynimiz bu proses zamanı dəfələrlə oyanır.

İndex.az xəbər verir ki, “Noradrenalin” adlı hormon yuxu zamanı dalğalanır.

Stresslə əlaqəli neyrotransmitter kimi tanınan "noradrenalin" bizim "döyüş ya da qaç" reaksiyasını aktivləşdirir və diqqətimizi cəmləməyə imkan verir. Maraqlıdır ki, yuxu zamanı noradrenalinin səviyyəsi müntəzəm olaraq dəyişir.

Bu dalğalanmalar zamanı beyin ara-sıra oyanır, lakin çox qısa müddətli olduğu üçün çoxumuz bunu hiss etmirik. Bu, hər gecə ən azı 100 dəfə olur.

Bu oyanışlar idrak funksiyamızı yaxşılaşdırmağa xidmət edir.

 

Kopenhagen Universitetində aparılan araşdırmanın müəlliflərindən Celia Kjærby bildirir ki, bu qısa oyanışlar beynin özünü sıfırlamasına imkan verir ki, yuxu davam etdikdə öyrənilən məlumat işlənir və yaddaş güclənir.

Təcrübələr həmçinin yuxu zamanı qısa oyanmaların yaddaşın güclənməsində böyük rol oynadığını ortaya qoyur.