Azərbaycanda benzin idxalının artmasının əsas səbəbi ölkəyə həddindən artıq avtomobilin gətirilməsidir.

Bunu İndex.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycana 198 min ton Aİ-92 markalı benzin idxal olunub: “Bu idxala görə 220 milyon ABŞ dollarından və ya 400 milyon manata yaxın vəsait ödənilib. Buna baxmayaraq Azərbaycan ötən il Aİ-92 markalı benzinin qiymətində artıma şahid olmadıq”.

Ekspert deyir ki, deməli, qiymət artımı idxalla bağlı deyil: “Daxili bazara nəzər saldıqda isə ötən il Azərbaycan bazarında 1 milyon ton Aİ-92 markalı benzin istehlak edilib. İstehlak edilən benzinin 1/5-i idxal hesabınadırsa və il ərzində qiymət dəyişmirsə, deməli benzinin litrinin 1 manata satılması idxal olunan benzini kompensasiya edir”.

İ. Şaban bildirib ki, 2023-cü ildə də benzin idxal edilib: “Son 8 ayın 6-da benzin idxal etməyimizə baxmayaraq, 20 milyon dollardan çox vəsait xərclənib. İdxalın əsas səbəbi isə ölkəyə həddindən artıq avtomobil gətirilməsidir”.

O qeyd edib ki, bu ilin ilk 8 ayında Azərbaycana 67 mindən çox avtomobil gətirilib: “Bu isə ölkənin enerji məhsullarına çəkdiyi xərci çoxaldır. Xərcin çoxalması isə qiymət artımına gətirib çıxarır”.