Azərbaycanda "Euro-5" standartına uyğun dizelin nə zaman satışa çıxarılacağı məlum deyil.
Bunu İndex.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenilənəcəyi elan edilmişdi: “Halbuki, dövlət başçısı 2008-ci ildə hökumətə NEZ-lərin Bakı şəhərindən kənara çıxarılması ilə bağlı tapşırıq vermişdi. Hökumət isə SOCAR-a tapşırdı ki, öz büdcənizdən pul ayıraraq Heydər Əliyev adına NEZ-i yenidən təmir etdirsin”.
Ekspert deyir ki, zavodun yenidən təmirə başlamasından 8 il keçməsinə baxmayaraq, rəsmi olaraq yenilənmənin hələ 2028-ci ildə başa çatacağı bildirilir: “Lakin proqnoza görə həmin zavod 2018-ci ildə "Euro-5" standartlarında məhsul buraxmalı idi. Bu il Heydər Əliyev adına NEZ-in istifadəyə verilməsinin 70 ili tamam olub. Lakin nə hökumət, nə də SOCAR heç bunu yada da salmadı. Bu gün ARDNŞ-nin isehlakçılar qarşısında üz ağardacaq bir işi yoxdur”.
O qeyd edib ki, Xəzəryanı 5 ölkənin hər biri yanacaq istehsal edir: “Ən kefiyyətsiz yanacaq Azərbaycanda istehsal olunur. Azərbaycanda istehlakçılar yanacaq alarkən yanında xüsusi qatqıda alıb yanacağın kefiyyətini artırmağa çalışırlar. Buna baxmayaraq, 2015-ci ildən bura dizel yanacağının qiyməti 2 dəfə qaldırılıb. Səbəb olaraq isə kefiyyətin yüksəldiyini bildiriblər. Yəqin ki, bu artımın səbəbi SOCAR-ın Heydər Əliyev adına NEZ-in yenidənqurma işləri üçün pula ehtiyacının olmasıdır”.
Lakin ekspert onda olan məlumata əsasən bildirir ki, qurğular artıq hazırdır: “Hətta sınaq mərhələsi də başa vurulub. Yəqin ki, ilin sonuna qədər istehsala başlanılacaq. "Euro-5" standartında dizelin qiyməti isə hazırki qiymətlərə nəzərən daha baha olacaq”.
