Hindistanın "Basmati" olmayan ağ düyü ixracını qadağan etməsindən sonra Asiyada düyü qiymətləri son üç ilin ən yüksək səviyyəsinə qalxıb.
Bəs bu artım ölkəmizdəki düyü qiymətlərinə necə təsir edəcək?
İndex.az məsələ ilə bağlı deputat Azər Bayramovla əlaqə saxladı.
Millət vəkili İndex.az-a bildirdi ki, Hindistanın ağ düyü ixracına qadağa qoyması, dünya bazarında qiymətlərin artmasına təsir edəcək:
"Hindistan dünya bazarına əsas düyü ixrac edən ölkələrdəndir. Azərbaycan düyü istehsal edən ölkə olmadığından idxal olunan düyünün qiymətində dünya bazarındakı artımla bağlı müəyyən qədər qiymət artımı olacağı gözlənilir. Lakin qeyd edək ki, Azərbaycan düyünü əsasən Pakistandan idxal edir və Pakistandan idxal olunan düyülər gömrük rüsumundan azad olunub. Bu da daxili bazarımızı qorumağamıza imkan verir".
Deputat Vüqar Bayramov isə saytımıza verdiyi açıqlamada Azərbaycanın düyüyə olan tələbinin böyük bir hissəsinin idxal hesabına ödədiyini bildirdi:
"2022-ci ildə Azərbaycan 45 milyon dollardan artıq vəsait xərcləyərək 50 min tondan artıq düyü idxal edib. 2021-ci ildə bu rəqəm 34 milyon dollara yaxın olub. Bu isə həm düyü idxalnda, həm də dünya bazarındakı düyü qiymətlərində artımın olduğunu göstərir. Təbii ki, dünya bazarında olan qiymət artımı birbaşa Azərbaycandakı qiymətlərə də təsir edir. Azərbaycanda düyü yetişdirilməsi üçün əlverişli torbaq sahələrinin az olmasına baxmayaraq yerli istehsalı artırmalıyıq. Çünki idxaldan asılılıq dünya bazarında baş verən qiymət artımlarının ölkəmizə də təsir etməsinə gətirib çıxarır".
