Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaları 31 iyul 2026-cı ilə qədər uzadıb.

İndex.az bu barədə Avropa bürosu Aİ Şurasına istinadən xəbər verir.

2014-cü ildə ilk dəfə tətbiq edilən sanksiyalar, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı təxribatsız, əsassız və qanunsuz hərbi təcavüzünə cavab olaraq əhəmiyyətli dərəcədə genişləndirilib.

Tədbirlər ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks əşyalar sahəsində məhdudiyyətlər daxil olmaqla geniş spektrli sektorlara şamil edilir.

Məhdudiyyətlər həmçinin Rusiyadan Aİ-yə dəniz neftinin və bəzi neft məhsullarının idxalı və ya çatdırılması qadağasını, bir sıra Rusiya banklarının "SWIFT" sistemindən ayrılmasını və Kremlin bir neçə KİV-in Aİ-də yayım fəaliyyətinin və lisenziyalarının dayandırılmasını əhatə edir. Bundan əlavə, sanksiyalardan yayınmaya qarşı xüsusi tədbirlər nəzərdə tutulub.

Aİ Şurası bildirib ki, Rusiya Federasiyası beynəlxalq hüququn fundamental normalarını pozmağa davam etdiyi müddətdə sanksiyalar qüvvədə qalacaq.