Avropa Mərkəzi Bankının (AMB) İstehlakçı Gözləntiləri Araşdırmasına görə, oktyabr ayında istehlakçıların 12 aylıq inflyasiya gözləntiləri 4%, 3 illik inflyasiya gözləntiləri isə dəyişməyərək 2,5% səviyyəsində qalıb.

İndex.az xəbər verir ki, "Avrozona"da inflyasiya son aylarda mülayimləşib və iqtisadçıların proqnozlarından aşağı olub.

Noyabrda inflyasiya 2,4%-ə, AMB rəsmilərinin yaxından izlədiyi əsas inflyasiya 3,6 %-ə enib.

AMB yüksək inflyasiya ilə mübarizə çərçivəsində son 10 iclasında uçot dərəcələrini artırmışdı.

Gələn həftə keçiriləcək iclasda bankın uçot dərəcələrini dəyişməsi gözlənilmir.

AMB-nin üzvlərindən biri olan İdarə Heyətinin üzvü İzabel Şnabel bu gün verdiyi açıqlamada bildirib ki, inflyasiyanın əhəmiyyətli dərəcədə yavaşlaması uçot dərəcələrinin daha da artması ehtimalını azaldır.