"Amazon"un Türkiyədə 100 milyon dollardan çox sərmayə ilə inşa etdiyi ilk logistika mərkəzinin rəsmi açılışı sabah keçiriləcək.
İndex.az xəbər verir ki, açılışda "Amazon"un Avropa və Şimali Amerika əməliyyatları üzrə vitse-prezidenti Stefano Pereqo, "Amazon"un Türkiyə əməliyyatları üzrə baş direktoru Hakan Karadoğan və "Amazon"un Türkiyə üzrə meneceri Riçard Marriott iştirak edəcək.
2022-ci ilin sentyabr ayında "Amazon"un Türkiyədəki ilk logistika mərkəzi olaraq fəaliyyətə başlayan mərkəz o vaxtdan bəri yüzlərlə yeni iş imkanları yaradıb.
Türkiyədəki logistika mərkəzində davamlılığa üstünlük verən "Amazon", 2040-cı ilə qədər sıfır karbon emissiyası öhdəliyinin bir hissəsi olaraq binaların istilik və isti su ehtiyaclarını 100% elektrik enerjisi ilə ödəmək siyasətini davam etdirir.
Bu yolla təbii qaz kimi təbiətə zərər verən qalıq yanacaqların istifadəsinin qarşısının alınması hədəflənir.
