Almaniyada Nazirlər Şurası hər kəsə ikili vətəndaşlığa icazə verən və Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun layihəsini təsdiqləyib.

İndex.az xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan “Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi” adlı layihə ilə əvvəllər məhdud sayda vətəndaşa şamil edilən ikili vətəndaşlıq hüququ hər kəsə şamil ediləcək.

Qanun layihəsi Bundestaqdan keçərsə, əcnəbilərin Almaniya vətəndaşlığına qəbulu şərtləri də yüngülləşdiriləcək.

Müvafiq olaraq, vətəndaşlığa qəbul üçün tələb olunan “qanuni yaşayış müddəti” 8 ildən 5 ilə endiriləcək.

Almaniyada öz sahəsində və ya təhsilində müvəffəqiyyətli olmaq, könüllü iş görmək kimi həyat şəraitinə uyğunlaşmaq üçün xüsusi səy göstərənlər üçün bu müddət 3 ilə endirilə bilər.