Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Suriya müxalifətinin Hələb və onun ətrafında irəliləyişini güc itirməsi və Suriya tərəfdarlarının digər münaqişələrdə diqqətinin yayındırılması ilə əlaqələndirib.

İndex.az xəbər verir ki, Sullivan bu barədə CNN xəbər kanalına verdiyi açıqlamada deyib.

Bu hücumun sürətinin Suriya hökumətini və regiondakı digər müşahidəçiləri təəccübləndirdiyini deyən Sullivan həm bu hadisələrin, həm də Ukraynadakı hazırkı vəziyyətin Rusiya və İranın daha zəif strateji mövqedə olmasının təbii nəticəsi olduğunu vurğulayıb.

Sullivan Suriyanın Hələb və İdlib şəhərlərində baş verən son hadisələrin ABŞ-ın bölgədəki qüvvələri üçün risk təşkil edib-etməməsi ilə bağlı bunları deyib:

"Hesab edirik ki, hazırda Suriyada İŞİD-lə mübarizə aparmaq üçün yerləşdirilən qüvvələrimiz bu xüsusi hücumun baş verdiyi ərazidən fərqli bir yerdə olduqları üçün qaçılmaz risk altında deyillər. Bununla belə, onlar hələ də İran, İraq və Suriyadakı şiə milis qruplarının təhlükəsi altındadırlar. Biz onların müdafiəsini təmin etmək və onlara qarşı hücumlara cavab vermək üçün hər gün işləyirik".