Azərbaycanda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, iri şəhərlərdə su təchizatında ciddi problemlər qeydə alınmayıb.

İndex.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Qeyd olunub ki, qurum 24 saat iş rejimində fəaliyyət göstərib, bayram günlərində isə gücləndirilmiş iş qrafiki tətbiq olunub.

Məlumata görə, 31 dekabr – 4 yanvar tarixlərində 955 Çağrı Mərkəzinə 6 şəhər üzrə daxil olan müraciətlərə operativ reaksiya verilib, müvafiq iş əmrləri yaradılıb və problemlər qısa müddətdə aradan qaldırılıb.

"Görülən işlər əsasən daxili su və tullantı su xətlərində baş verən nasazlıqların aradan qaldırılmasını, eləcə də daşıyıcı xətlərdə mümkün qəzaların qarşısının alınmasını əhatə edib. Sözügedən dövrdə sayğaclarda donvurma halları ilə bağlı cəmi 2 müraciət daxil olub. Həmin müraciətləri Naxçıvan şəhər Sukanal İdarəsinin əməkdaşları operativ şəkildə həll edib", - Xidmətin cavabında deyilir.