ABŞ, Böyük Britaniya və Avropa Birliyi ölkələri Livanda İsrail və Hizbullah arasında münaqişənin və gərginliyin artmasından sonra müvəqqəti atəşkəsə çağırıb.

İndex.az xəbər verir ki, 12 dövlətin imzaladığı birgə bəyanatda diplomatik həll yollarına imkan verəcək 21 günlük atəşkəs tələb edildi.

“Nə İsrailin, nə də Livan xalqının maraqlarına uyğun olmayan iri regional münaqişə riski qəbuledilməzdir”, - deyə birgə bəyanatda bildirilir.

Bəyanat İsrail Baş Qərargah rəisi Herzi Halevinin mümkün quru əməliyyatı üçün hazırlıq görüldüyü mesajını verməsindən sonra yazılıb.

Atəşkəs çağırışı ilə bağlı bəyanatı ABŞ, Avstraliya, Kanada, Avropa Birliyi, Fransa, Almaniya, İtaliya, Yaponiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Qətər imzalayıb.