ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il və gələn il üçün neft qiymətləri ilə bağlı proqnozunu artıraraq qlobal neft ehtiyatlarının gözlənilən azalmasına işarə verib.

İndex.az xəbər verir ki, EIA-nın "2023-cü ilin Sentyabr ayı Qısamüddətli Enerji Görünüşü Hesabatı"na əsasən, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanı 1 günlük neft hasilatını 1 milyon barel azaltma qərarını könüllü olaraq bu ilin sonuna qədər uzadacaq.

Uzatma qərarının qlobal neft ehtiyatlarının azalmasına səbəb olacağı və bunun ilin sonuna qədər neft qiymətlərinə yuxarı təzyiq göstərəcəyi proqnozlaşdırılır.

"Brent" tipli xam neftin barel qiymətinin ilin son rübündə orta hesabla 93 dollar səviyyəsinə çatacağı proqnozlaşdırılır.

Lakin OPEC+ hasilatının azaldılması qlobal neft hasilatını tələbatın altında qalmağa məcbur edəcək və bu da növbəti neft qiymətlərində artım riski yaradacaq.

Bu çərçivədə "Brent" tipli xam neftin barel qiymətinin bu il 84,46 dollar olacağı gözlənilir.

Əvvəlki hesabatda bu rəqəm 82,62 dollar olaraq qiymətləndirilmişdi.

"West Texas Intermediate" (WTI) xam neftinin orta barel qiymətinin 79,65 dollar olacağı proqnozlaşdırılır.

Sözügedən rəqəmin keçən ay 77,79 dollar olacağı proqnozlaşdırılırdı.

Gələn il "Brent" tipli xam neftin orta barel qiymətinin 88,22 dollar, WTI tipli xam neftin orta barel qiymətinin isə 83,22 dollar olacağı gözlənilir.