Hər ilin sonunda və əvvəlində ölkəmizdə müxtəlif sahələrdə qiymət artımlarının şahidi oluruq. İlin sonuna yaxınlaşdığımızı nəzərə alsaq, qiymətlərdə də dəyişkənlik qaçınılmazdır. Bəs bu müddətdə avtomobil qiymətləri necə dəyişəcək?
Bu barədə İndex.az-a danışan ekspert Yasin Mustafa bildirib ki, 2023-cü il istehsalı olan avtomobillər ucuzlaşacaq:

“2023-cü il başa çatdığı üçün hər avtomobil 1 yaş daha qocalır. Bu isə qiymətlərdə öz təsirini göstərir. Lakin ən böyük ucuzlaşma 2023-cü ildə istehsal olunmuş avtomobillərdə nəzərə çarpacaq. Çünki onlar digər illərdə istehsal olunmuş avtomobillərdən fərqli olaraq artıq ən yeni model hesab edilmir”.
Ekspertin sözlərinə görə, bir sıra şirkətlərin də avtomobil qiymətlərinin dəyişməsində rolu var:
“İlin sonuna çatdığımız üçün şirkətlərin əksəriyyəti illik hesabatlarını hazırlayıb, nə qədər mənfəət əldə etdiklərini hesablayırlar. Bundan sonra şirkətlər növbəti il üçün büdcəni bölüşdürür. Əksər hallarda bu bölgüdə şirkətə yeni avtomobillərin alınması da yer alır. Beləliklə, bir neçə şirkətin eyni anda alıcı olaraq avtomobil bazarına yönəlməsi qiymətlərin yüksəlməsinə səbəb olur”.
Ekspert son olaraq köhnə model avtomobillərin qiymətləri barədə öz proqnozlarını bölüşüb:
“Köhnə model avtomobillərdə hər-hansı ucuzlaşma olacağını zənn etmirəm. Lakin kəskin artım olacağı da gözlənilmir. Avtomobillərin bir çoxunda qiymətlər dəyişməz olaraq qalacaq. Bir qismində isə cüzi artım müşahidə ediləcək”.
