
Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
İndex.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edəcəyi gözlənilir.
V.Bayramov bildirib ki, söküntü ilə bağlı ən çox verilən sual kompensasiya məbləği ilə bağlı olsa da, belə ödənişlərin evlərin sahələri üzrə necə təsnifləşdirilməsi də əhəmiyyətli məqamlardandır: “Belə ki, bəzi həyət evlərin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadratmetrə uyğun hesablanması, yoxsa ümumi evə görə konrket rəqəmin ödənilməsi vacib məqamlardandır. Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadratmetrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur”.
O qeyd edib ki, bir sıra ölkələrdə dövlət ehtiyacları üçün söküntü aparılan zaman azsahəli evlər üçün konkret məbləğdə kompensasiya və ya yeni mənzil təklif edilir: “O baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadratmetrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən azsahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı”.