Ölkə mətbuatında əksini tapan xəbərə görə, Pezeşkiyan dünən Hatəmül Ənbiya Qərargahına səfəri zamanı etdiyi çıxışda keçmişdə müzakirə edilən paytaxtın Tehrandan köçürülməsi məsələsini bir daha gündəmə gətirib.
İndex.az xəbər verir ki, İran prezidenti Tehranı paytaxt kimi saxlamağın bəzi səbəblərdən, xüsusilə də iqtisadi səbəblərdən qeyri-mümkün hala gəldiyini düşündüyünü dilə gətirib.
“Ölkənin paytaxtı Tehran həll olunmaz problemlərlə üzləşib. Nə etsək də, vaxt itiririk. Ona görə də ölkənin iqtisadi və siyasi mərkəzini cənuba, dənizə yaxın yerə köçürməliyik. Paytaxtı köçürməkdən başqa çarəmiz yoxdur”, – Pezeşkian deyib.
Təxminən 20 milyon əhalisi olan İranın paytaxtının Tehrandan başqa şəhərə köçürülməsi planı ilk dəfə 2013-cü il dekabrın 25-də 290 yerlik parlamentdə 110 deputatın səsi ilə qəbul edilib. Plan çərçivəsində yaradılan şura paytaxt üçün ən yaxşı alternativin harada olacağı ilə bağlı araşdırmalar aparırdı. Bu məsələ ilə bağlı indiyədək heç bir addım atılmayıb.