Bütün dünyanın aylarla səbirsizliklə gözlədiyi və çoxlu ssenarilər yazılan Mayk Tayson-Ceyk Pol matçının qalibi Pol oldu.
İndex.az xəbər verir ki, boks tarixində ən yüksək orta bilet qiymətləri ilə qarşılaşma kimi qeydə alınan görüşdən sonra daha bir çox maraqlı iddia ortaya atılıb.
Ceyk Polun ən az 40 milyon dollar, Taysonun isə təxminən 20 milyon dollar qazandığı matçın əks-sədası davam edərkən, ikilinin revanş matçını oynamaq üçün Səudiyyə Ərəbistanından təklif aldığı iddia edildi.
Ərəb mətbuatında yer alan xəbərə görə, Səudiyyə Ərəbistanının Ümumi Əyləncə İdarəsinin prezidenti Turki Əl-Şeyx Mayk Tayson-Ceyk Pol döyüşünün revanşını keçirmək istəyir. Türki Əl-Şeyxin bu döyüşə görə Mayk Taysona 700 milyon dollar ödəməyə hazır olduğu bildirilir.
Bununla belə, Taysonun 700 milyon dollar qazanması üçün yalnız bir şərt var. Yəni əfsanəvi boksçu Ceyk Polu 3 dəqiqəyə nokaut etməlidir. Digər hallarda pulun necə paylanacağı hələlik bəlli deyil.