“Şahdəniz” yatağının texniki operatoru olan “BP-Azerbaijan” şirkəti kondensatın nəqli üçün nəzərdə tutulmuş sualtı boru kəmərindəki texniki nasazlıq səbəbindən “Alpha” platformasının işini dayandırıb.
İndex.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
“Platformanın özündə heç bir problem yoxdur. Texniki problem “Alpha” platformasını Səngəçal terminalı ilə birləşdirən hissəsində kondensatın nəqli üçün sualtı boru kəmərində yaranıb. Bu səbəbdən biz bu platformanın işini dayandırmışıq”, – T.Bayatlı qeyd edib.
O vurğulayıb ki, platforma, qurğular və oradakı personal tam təhlükəsizlikdədir: “Hazırda problemin ən qısa müddətdə aradan qaldırılması üçün bütün zəruri işlər aparılır”.
Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).