Azərbaycanda 8 günəş-külək elektrik stansiyası şəbəkəyə qoşulacaq

2027-ci ilə qədər Azərbaycanda 2,8 milyard ABŞ dolları məbləğində xarici və yerli investisiya hesabına 2 QVt gücündə sənayemiqyaslı 8 günəş və külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması planlaşdırılır ki, bu da Azərbaycanın “yaşıl enerji” cığırı ilə sürətlə irəlildiyini, bu prosesin artıq geriyədönməz olduğunu göstərir.

İndex.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib.

“Növbəti illərdə elektrik enerjisinin istehsal-ixrac dinamikası əhəmiyyətli dərəcədə bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, “yaşıl enerji” növlərinin yaradılmasını və dünya bazarlarına nəqlini prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və beynəlxalq investorlarla əməkdaşlıq kimi bütün zəruri şərtlər mövcuddur”, – deyə o qeyd edib.