ARDNF-nin vəsaitlərin idarə olunmasından əldə etdiyi gəlir 15 milyard dolları keçib

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlir 15 milyard ABŞ dollarını keçib.

İndex.az ARDNF-ə istinadən xəbər verir ki, bunu Fondun İcraçı direktoru İsrafil Məmmədov qurumun 25 illik yubileyinə həsr olunmuş İllik Yığıncaqda bildirib.

Tədbir “Milli sərvətdən dayanıqlı inkişafa doğru” şüarı altında keçirilib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hazırlanan milli neft strategiyasının bir hissəsi olaraq və Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan ARDNF ötən müddət ərzində Azərbaycanın davamlı inkişafına və iqtisadi potensialının möhkəmləndirilməsinə dəyərli töhfələr verən mühüm qurumlardan birinə çevrilib.

İ.Məmmədov ARDNF-nin ötən 25 ildə keçdiyi inkişaf yolundan, əldə olunmuş mühüm uğurlardan və gələcək planlardan bəhs edərək bildirib ki, 1999-cu ildə əsası qoyulmuş Fondunı aktivləri 60 milyard ABŞ dollarını keçərək ölkə iqtisadiyyatının təxminən 80 %-inə bərabər olub: “Bu rəqəmlər Fondun uğurlu fəaliyyət modelinə, strateji yanaşmasına və beynəlxalq standartlara əsaslanan risk idarəetmə mexanizminə söykənən investisiya siyasətinə dəlalət edir. Fond, təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir”.

Tədbirdə ARDNF-in müxtəlif struktur bölmə rəhbərləri də çıxış edərək, Fondun 25 il ərzində əldə etdiyi nailiyyətlərə nəzər salıblar. Çıxışlarda ölkə iqtisadiyyatına dayanıqlı və uzunmüddətli töhfələr vermək məqsədilə həyata keçirilən layihələr, investisiya strategiyaları və idarəetmə prinsipləri ətraflı müzakirə olunub. Gələcək perspektivlərdən danışan çıxışçılar dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal investisiya platformalarında aktiv iştirak kimi prioritet istiqamətləri xüsusilə önə çəkiblər.

ARDNF yaradıldığı gündən bəri həm möhkəm təməlləri, həm də çevik idarəetmə yanaşması ilə ölkənin iqtisadi dayanıqlılığını təmin etməkdə mühüm rol oynayır. Prezident İlham Əliyevin dəstəyi ilə ARDNF bu gün indiki və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas iqtisadi sütunlardan biri kimi fəaliyyətini uğurla davam etdirir.