Bu ilin yanvar-mart aylarında Azərbaycana 189,4 milyon ABŞ dolları dəyərində 17 102 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Index.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə müvafiq olaraq 19,9% və 10% çoxdur.
İlk 3 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,3 dəfə artaraq 90 ədəd (10,5 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 12,1% artaraq 15 934 ədəd (148,7 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 3 140-ı (27 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 70-i (2 mln ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 71,5% dəfə, ikincinin isə 4,1 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 19% azalaraq 1 012 ədəd (22,5 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,1 dəfə artaraq 66 ədəd (7,7 milyon ABŞ dolları dəyərində) olub.