Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22,5 milyard manatlıq, o cümlədən 12,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3%, qeyri-ərzaq malları üzrə 3,6% artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 373,5 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 50,7 manat çox olub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 209,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 163,9 manatlıq qeyri-ərzaq malları alıb.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,1%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 12,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,8%-i elektrik malları və mebellərin, 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.