Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyun aylarına nisbətən 112,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,4%, qeyri-ərzaq məhsulları üzrə 106,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,3% təşkil edib.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Cari ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9%, əvvəlki ilin iyun ayına nisbətən 114,2% təşkil edib.
Bu ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99%, əvvəlki ilin iyun ayına nisbətən 120,6% təşkil edib.
Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, düyünün, vaflinin, peçenyenin, manna yarmasının, kolbasa məmulatlarının, toyuq ətinin, pendirin, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, kivinin, limonun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, limonadın, pivənin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən mal ətinin, bananın, gilasın, albalının, əriyin, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2022-ci ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 %, əvvəlki ilin iyun ayına nisbətən 107,4% təşkil edib. Cari ilin iyun ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, toz şəklində sintetik yuyuсu vasitələrin, sabunların, şampunların, diş pastalarının və dezodorantların, ucuzlaşma isə kəsilmiş taxtaların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2022-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7%, əvvəlki ilin iyun ayına nisbətən 110,9% təşkil edib. Cari ilin iyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, mənzillərin, mebellərin və məişət cihazlarının təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, ictimai iaşə və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.