“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi”nə bu il üzrə mövsümü borcu 20 milyon manat üzərindədir.
İndex.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində bildirib.
“Bizim yığımla bağlı göstəricilər daha da yüksək ola bilərdi, ancaq “Azəristiliktəchizat”ın bizə borcu artmaqda davam edir. Bu rəqəm 20 mln. üzərindədir. Onu görə də, bizim yığım səviyyəmiz 105% deyil, 110% ola bilərdi”, – Ruslan Əliyev qeyd edib.
Onun sözlərinə görə, “Azəristiliktəchizat”a artıq xüsusi müraciətlər edilib.
“Yay aylarında satışlarımızın az olduğu üçün, işçilərin əməkhaqqısı, təmir-tikinti proqramı, qazlaşma proqramının həyata keçirilməsi üçün bizə daha çox vəsait lazım olur, ona görə də biz “Azəristiliktəchizat” bununla bağlı müraciət etmişik”, – baş direktor əlavə edib.
Ruslan Əliyev əlavə edib ki, 300 artıq qazpaylayıcı stansiya SOCAR-ın Qaz İxrac İdarəsinin tabeçiliyindən “Azəriqaz”ın tabeçiliyinə verilir. Bununla bağlı SOCAR rəhbərliyi tərəfindən qərar qəbul edilib və təhvil-təslim, işçilərin yerləşdirilməsi prosesinə artıq start verilib.
“Bizim həm əməkhaqqı fondumuz artır, həm gələcəkdə təmir-tikinti işlərimiz artır, bununla da bağlı heç bir tarifə də bir dəyişiklik olmur, ona görə də biz maksimum çalışmalıyıq ki, debitor borclarımızın yığılması üzərindən bu xərclərimizi ödəyə bilək”, – Ruslan Əliyev vurğulayıb.